Türk sivilizasiyasının bütün elementlərini vahid yanaşma ilə əhatə edən Türk Dünyası Ensiklopediyası layihəsi 2024-cü il dekabrın 31-də nəşr olundu və qısa zamanda rəqəmsal inqilaba çevrilərək süni intellekt sistemləri üçün məlumat mənbəyi oldu.
Hafta.az yazır ki, Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədri, professor Əhməd Kılınç, Türk dünyasının ortaq elmi və mədəni irsini rəqəmsal dövrdə davamlı bir əsərə çevirməyi hədəfləyən Türk Dünyası Ensiklopediyası layihəsi prosesini, nəşr siyasətini və gələcək hədəfləri barədə QHA-ya danışıb. Layihənin əsas başlanğıc nöqtəsinin Türk dünyası ilə elmi əməkdaşlığı maksimum dərəcədə artırmaq olduğunu bildirən professor Kılınç, prosesin 2013-cü ildə ATAM ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında imzalanan protokolla başladığını qeyd edib. O, əvvəlcə məhdud bir əsər kimi planlaşdırılan ensiklopediyanın zamanla inkişaf etdirildiyini bildirib.
Əhməd Kılınç bildirib ki, "Əvvəlcə "Ortaq Türk Dövlətləri" və "Ortaq Türk Məşhurları" kimi daha məhdud tədqiqatlar planlaşdırılsa da, bu hədəf zamanla elmi əməkdaşlığın yaratdığı sinerji ilə genişlənib. ATAM, Türk sivilizasiyasının bütün elementlərini vahid bir yanaşma ilə əhatə edən müstəqil və əhatəli “Türk Dünyası Ensiklopediyası" layihəsini həyata keçirmək qərarına gəlib və beləliklə, bu akademik tərəfdaşlığı davamlı bir işə çevirib.
Professor Kılınç qeyd edib ki, uzun və diqqətli hazırlıq mərhələlərindən sonra ensiklopediya 31 dekabr 2024-cü ildə 137 girişlə elmi cameəsinə və geniş ictimaiyyətə rəqəmsal şəkildə əlçatan olub və o, əlavə edib: "Bu, yalnız başlanğıcdır, qısa müddətdə girişlərin sayını 311-ə yüksəltdik və 67 mindən çox unikal istifadəçiyə çatdıq. İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan bu zəngin məzmun artıq mobil tətbiqetmə vasitəsilə də mövcuddur".
Ensiklopediyanın mobil tətbiqinin iOS və Android platformalarında pulsuz və reklamsız mövcud olduğunu bildirən professor Kılınç əlavə edib: "Layihə beynəlxalq akademik əməkdaşlığa əsaslanır. Əməliyyat prosesləri hazırda yalnız ATAM tərəfindən həyata keçirilsə də, girişlərin hazırlanması və nəzərdən keçirilməsi zamanı bir çox universitetdən alimlər və ekspert tədqiqatçılarla sıx əməkdaşlıq davam etdirilir".
O, həmçinin məzmunun doqquz əsas kateqoriyaya qruplaşdırıldığını qeyd edib: "Türk Dövlətləri", "Dövlət xadimləri", "Tarix və Mədəniyyət", "Türk Toplumları", "Dil və Ədəbiyyat", "Coğrafiya və Məkan", "Elm və İncəsənət", "Türk Dünyasında Pioner Qadınlar" və "Ziyalılar və Mütəfəkkirlər". Məqalələrin seçilməsində elmi dəyərin, etibarlılığın və vahid yanaşmanın əsas meyarlar olduğunu vurğulayan Kılınç, "Türk Tarixində Pioner Qadınlar" kimi tematik başlıqların tarixin az bilinən aspektlərinə işıq saldığını bildirib. O, Türk Dünyası Ensiklopediyasına kimlərin müəllif kimi daxil edilə biləcəyi sualına belə cavab verib: "Müəllifləri müəyyənləşdirməkdə əsas meyarımız akademik səriştə və təcrübədir. Müxtəlif ölkələrdən, xüsusən də Türkiyə və Azərbaycandan olan və doktorluq dissertasiyaları, kitabları və ya məqalələri ilə öz sahələrində dəyərlərini sübut edən akademiklər layihəyə dəvət olunur və ya onların müraciətləri qiymətləndirilir. Ensiklopediyamız sadəcə məlumat mənbəyi olmaqdan kənara çıxaraq alimlərin müxtəlif simpoziumlarda istinad etdiyi və məqalələrdə müzakirə etdiyi nüfuzlu bir mənbəyə çevrilib".